A
A
A

“Smart Children” layihəsinin iştirakçıları “Aerokosmik Modelçilik Festivalı – 2026”da 16 medal qazandılar

Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (ANQSİHİRK) həyata keçirdiyi “Smart Children” layihəsinin iştirakçıları növbəti uğura imza atıblar. Layihə çərçivəsində təlim alan 50-yə yaxın neftçi övladı Füzuli Beynəlxalq Hava Limanında keçirilən “Aerokosmik Modelçilik Festivalı – 2026” beynəlxalq festivalında uğurla çıxış edərək 1 qızıl, 4 gümüş və 11 bürünc olmaqla ümumilikdə 16 medal qazanıblar.

Artıq dördüncü dəfə təşkil olunan festival Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzi, Milli Aviasiya Akademiyası və “Yeni Texnologiyaların İnkişafına Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib və raket modelçiliyi, peyk modelçiliyi, aerokosmik texnologiyalar və digər STEM istiqamətləri üzrə gənclərin bilik və bacarıqlarının inkişafına həsr olunub.

Festivalın tərəfdaşları sırasında Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Hava Nəqliyyatı Baş Gömrük İdarəsi, Hərbi Hava Qüvvələri, “Azərbaycan Hava Yolları” (AZAL), “AZAD Systems”, “ASAN Viza”, “ASAN TV”, “ASELSAN Baku”, “Hədəf” Liseyi, “IT Innovations Academy”, “AzST” MMC və “ORBITE” MMC yer alıb.

Festivalın açılış mərasimində Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Eldar Seyidov, ilk türk astronavtı Alper Gezeravcı və digər rəsmi şəxslər iştirak ediblər.

Festivalın mükafatlandırma mərasimi ASAN İnnovativ İnkişaf Mərkəzində keçirilib. Tədbirdə dövlət rəsmiləri ilə yanaşı, ANQSİHİRK-in sədri Rüfət Zamanov da iştirak edib.

Qazanılan bu nəticələr ANQSİHİRK-in həyata keçirdiyi “Smart Children” layihəsinin uşaqlarda STEM, mühəndislik və innovasiya sahələrinə marağın artırılması, onların beynəlxalq səviyyəli yarışlara hazırlanması istiqamətində uğurlu nəticələr verdiyini bir daha təsdiqləyir.