SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində (TTSİ) Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (ANQSİHİRK) sədri Rüfət Zamanovun rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə sahə görüşü baş tutub.
Görüş çərçivəsində əvvəlcə idarənin ərazisinə baxış keçirilib, tədris sinif otaqları, yeməkxana və idman zalının fəaliyyəti ilə yaxından tanış olunub. Tanışlıq zamanı əməkdaşların istifadəsinə verilən infrastrukturun vəziyyəti, yaradılmış şərait və sosial-məişət imkanları nəzərdən keçirilib.
Daha sonra TTSİ-nin rəisi Fuad Süleymanov və idarənin Həmkarlar İttifaqı Komitəsinin (HİK) üzvləri ilə görüş təşkil edilib. Tədbirdə ANQSİHİRK-in fəaliyyəti və həyata keçirdiyi layihələri əks etdirən videoçarx nümayiş olunub. Həmçinin TTSİ HİK-in sədri Həsən Əmrahov tərəfindən komitənin fəaliyyəti, görülmüş işlər və reallaşdırılmış layihələr barədə təqdimat edilib.
Görüş zamanı əməkdaşların sosial rifahının yüksəldilməsi, əmək və məişət şəraitinin daha da yaxşılaşdırılması, işçilərin hüquq və mənafelərinin qorunması, eləcə də həmkarlar ittifaqı təşkilatlarının qarşıda duran vəzifələri və gələcək fəaliyyət istiqamətləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda ictimai fəaliyyətlərdə fəallığı və kollektiv həyatında səmərəli iştirakına görə idarənin əməkdaşları Tovuz Lazımova və Yalçın Qəmbərov ANQSİHİRK tərəfindən təşəkkürnamə ilə təltif olunublar.
Sahə görüşü həmkarlar ittifaqı təşkilatları ilə əməkdaşlığın möhkəmləndirilməsi, işçilərin sosial müdafiəsinin gücləndirilməsi və mövcud məsələlərin yerində öyrənilməsi baxımından əhəmiyyətli olub.