A
A
A

SOCAR-ın Karbamid zavodunda sahə görüşü keçirilib

SOCAR-ın Karbamid zavodunda Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (ANQSİHİRK) sədri Rüfət Zamanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə sahə görüşü keçirilib.

Görüşdə Karbamid zavodunun direktoru Kutay Durna və direktor müavini Qismət Soltanov müəssisədə həyata keçirilən istehsalat prosesləri, əmək şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat veriblər.

Daha sonra nümayəndə heyəti zavodun istehsalat sahələrinə, yeməkxanasına və idman zalına baxış keçirərək müəssisədə tətbiq olunan texnoloji proseslər, əməyin mühafizəsi və təhlükəsizlik tədbirləri, eləcə də sosial fəaliyyətlərin həyata keçirilməsi üçün yaradılan şərait ilə yerində tanış olub.

Görüş çərçivəsində Karbamid zavodunun Həmkarlar İttifaqı Komitəsinin (HİK) sədri Dilqəm Umbayev, ardınca HİK üzvləri çıxış edərək fəaliyyət istiqamətləri, işçilərin sosial müdafiəsinin gücləndirilməsi və əmək şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı təklif və fikirlərini səsləndiriblər. Görüş qarşılıqlı fikir mübadiləsi və müzakirələr şəraitində davam edib.

ANQSİHİRK-in sədri Rüfət Zamanov çıxışında Karbamid zavodunda istehsalın səmərəli təşkili, əməkdaşlar üçün yaradılmış iş şəraiti və həmkarlar ittifaqı təşkilatının fəaliyyəti barədə müsbət fikirlərini bölüşüb. O, müəssisədə görülən işləri yüksək qiymətləndirərək kollektivə gələcək fəaliyyətində uğurlar arzulayıb, işçilərin əmək və sosial hüquqlarının qorunması istiqamətində həmkarlar ittifaqlarının rolunun bundan sonra da gücləndiriləcəyini vurğulayıb.